Bakı Şəhər Mədəniyyət
Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS)
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və Mahmud Kaşğari adına Beynəlxalq
Fondun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında tanınmış
pedaqoq ziyalı, şair-dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki
bölməsinin rəhbəri Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii
gecə keçirildi.
Tədbiri giriş sözü ilə
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli
açaraq tədbir iştirakçılarını salamladı. İsa Həbibbəyli Vaqif Aslanın
yaradıcılığı haqqında geniş məlumat verdi. Onun Azərbaycan Milli Elmlər
Akademiyasının Elmi Şurasının qərarı ilə “Ədəbiyyat İnstitutunun fəxri dostu” Fəxri
diplomu ilə təltif etdi. O qeyd etdi ki, Vaqif Aslan şeir yazanların sırasında
poeziyada ictimai fikrin əks etdirilməsinə, aparıcı olmasına üstünlük verən sənətkarlardandır
və onun yaradıcılığını Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə
müqayisə etdi. Vaqif Aslanın poeziyasında ictimai lirikanın milli-mənəvi cəhətdən
dərk edilməsi, çox qabarıqdır. Milli-mənəvi dəyərlərə qayıdış baxımından Vaqif
poeziyası əvəzedilməzdir. Onun “Ruhlarla söhbət” poemasında Vaqifin bütün cəmiyyətə,
dünyaya baxışı əks olunur, Vaqifdə milli-mənəvi özünüdərk dünyanı dərk etdirməyin
bir parçasıdır. Vaqifin poeziyasında lirika, sevgi, məhəbbət mövzusu var, amma
onun aparıcı tərəfi yeni nəsillərə Vaqif Aslanın təqdimatında Azərbaycan
poeziyasını tanıtmaqdır. Akademik V.Aslanın ədəbi tənqidçilik fəaliyyətini də
qeyd etdi. Daha sonra İ.Həbibbəyli vurğuladı ki, Vaqif publisistikası elmi
publisistikadır. V.Aslan haqqında görkəmli alimlər Yaşar Qarayev, Aydın Məmmədov,
Kərim Şükürlü, Cavanşir Feyziyev, Asif Rüstəmli elmi məqalələr yazıblar. Şair
bu gün ölkəmizi xarici ölkələrdə də layiqincə təmsil edir. Akademik Milli Məclisin
deputatı Cavanşir Feyziyevin dəstəyi ilə təşkil olunan Vaqif Aslan
yaradıcılığına həsr olunmuş tədbiri yüksək qiymətləndirdi.
Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri,
professor Birol Akgün tədbirə dəvətə görə təşəkkürünü bildirdi, Vaqif Aslanı
salamladıqdan sonra Türkiyə Cumhuriyyətindən Vaqif Aslana ərməğan olunan mötəbər
təltifi – “Türk dünyası Elmlər Akademiyasının Fəxri professoru” Diplomunu və
mantiyanı yubilyara təqdim etdi. Səfir bu günlərdə AMEA və Türkiyə Elmlər
Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Türkiyə dünya
siyasətində” mövzusunda Beynəlxalq simpoziuma diqqət çəkdi, bu kimi elmi-mədəni
əməkdaşlıqların iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə
xidmət etdiyini bildirdi. O qeyd etdi ki, bizim “bir millət, iki dövlət” ifadəmizə
şairlər də, yazarlar da, alimlər də ortaqdır. B.Akgün Vaqif Aslanla bağlı
fikirlərini bölüşdü və bildirdi ki, şairlərə, yazarlara, sənətkarlara qayğı,
diqqət, hörmət göstərmək bizim vacib işimizdir. Şairlər haqqın sözünü haqq
adına söyləyirlər. Vaqif Aslan Ə.Cavaddan, B.Vahabzadədən V.Aslana kimi bütün
şairlərin yaradıcılığının əsas mövzusunun insan və şəxsiyyət olduğunu
vurğuladı. B.Akgül şairi yubiley münasibəti ilə təbrik etdi, qələminin iti
olmasını arzuladı.
Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında bildirdi ki, Vaqif Aslan
çağdaş Azərbaycan ədəbiyyatında fəlsəfi-estetik, ədəbi-bədii, elmi-nəzəri
və milli düşüncənin formalaşmasında önəmli xidmətləri olan istedadlı qələm
adamıdır. Poetik düşüncəsi, zəngin erudisiyası, özünəməxsus dünyabaxışı,
istedadının orijinallığı, fərqli yazı manerası, əsərlərində insan həyatının, məişətinin,
düşüncəsinin köklü problemlərinə müraciət etməsi, yaradıcılığına məxsus
humanizm, fəlsəfilik, psixoloji dərinlik Vaqif Aslan imzasını geniş oxucu
auditoriyasına sevdirmiş, xalq ədəbiyyatından rişələnən bu böyük yaradıcılıq ədəbi-elmi
ictimaiyyətin daim diqqət mərkəzində olmuşdur. Vaqif Aslanın həm bədii, həm
elmi yaradıcılığı çoxjanrlı və çoxşaxəlidir. O, şair, alim, publisist və
dramaturq kimi geniş oxucu kütləsinin gerçək sevgisini qazanan bir sənətkardır.
Vaqif Aslan poeziyası çağdaş türk şeirinin ədəbi hadisələrindən sayılır.
XX əsrin 70-ci illərindən başlayaraq özünəməxsus yaradıcılıq yolu, stixiyası ilə
Azərbaycan şeirini dəbdəbədən, şüarçılıqdan, ritorikadan, pafosdan, təsvir və tərənnümün
kütləviliyindən uzaqlaşdırmağa nail olmuş Vaqif Aslan həm də bu fəaliyyətləri
ilə poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdir. Şairin poetik dünyası
bütövlükdə zəngin daxili aləmin, sistemli təfəkkürün, dünyagörüşün güzgüsüdür və
Azərbaycan poeziyasında ayrıca bir mərhələ kimi səciyyələnməkdədir”, – deyə
Cavanşir Feyziyev fikirlərini yekunlaşdırdı.
Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin
direktoru Lətifə Məmmədova Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və
Səlahiyyətli Səfirinə və AMEA-nın prezidentinə dəyərli vaxtlarını ayırıb tədbirdə
iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. L.Məmmədova qeyd etdi ki, Milli
Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə Mahmud Kaşğari adına Beynəlxalq
Fondun layihəsi əsasında Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş
"Ruhlarla danışan adam" kitabı nəşr olunub. L.Məmmədova “Ruhlarla
danışan adam” kitabında elm, ədəbiyyat və mədəniyyət adamlarının, həmçinin
ictimai xadimlərin şairin zəngin yaradıcılığı ilə bağlı məqalələrinin yer
aldığını bildirdi. L.Məmmədova məlumat verdi ki, daha iki kitabın – Qadir
Hüseynovun “Mənim dünyam” və Tural Adışirinin “Publisistik və poetik düşüncələr”
kitabları Fondun dəstəyi ilə nəşr olunmuşdur. Daha sonra L.Məmmədova
Q.Hüseynovun “Mənim dünyam” kitabı haqqında məlumat verdi.
Tanınmış yazıçı, şair Seyran Səxavət çıxış edərək qeyd etdi ki, Vaqif Aslan son
dərəcə gözəl qələmi olan şairlərdəndir. S.Səxavət şairi yubiley münasibətilə təbrik
etdi. O, çıxışını “Ay ilk məhəbbətim, son məhəbbətim” şeiri ilə yekunlaşdırdı.
Filologiya elmləri doktoru, professor Yeganə İsmayılova çıxışında qeyd etdi ki,
doktorluq dissertasiyasını yazarkən, V.Aslanın yaradıcılığını araşdıraraq
şairin “Dədə Qorqud” motivləri ilə bağlı müsahibə və çıxışlarını gördüm. “V.Aslanla
yaradıcılıq ünsiyyəti yaradanda ona monoqrafiyamı da göndərdim”, – Y.İsmayılova
bildirdi. Qazaxıstanda “Türk dili” jurnalında Vaqif Aslanla bağlı məqalə ilə
çıxış etdiyini də vurğuladı.
Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov
V.Aslana yaradıcılıq uğurları arzuladı. Həm özünün, həm V.Aslanın kitabının
işıq üzü görməsi ilə əlaqədar təbrik etdi və Mahmud Kaşqari adına Beynəlxalq
Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevə dərin təşəkkürünü
bildirdi. Q.Hüseynov Vaqif Aslanın yubileyinə həsr etdiyi şeirini oxudu.
Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini Eyvaz Hümbətov qeyd etdi ki,
Vaqif Aslanı tanımamışdan əvvəl onun şeirlərini oxuyub tanımışıq. Şairə
yaradıcılıq uğurları arzuladı. E.Hümbətov Türk Ağsaqqalları İctimai Birliyi
adından Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə
Vaqif Aslana Fəxri diplom təqdim etdi.
Neft və Qaz İnstitutunun professoru Mahir Rəsulov çıxışında vurğuladı ki, bu
gün Vaqif Aslanın yox, Azərbaycan ədəbiyyatının yubileyidir. M.Rəsulov V.Aslana
yaradıcılığında müvəffəqiyyətlər arzuladı.
BDU-nun kafedra müdiri, professor İsmayıl Əliyev şairi 75 illik yubileyi
münasibətilə təbrik etdi. Professor vurğuladı ki, Qobustandan Balakənə qədər
Qafqaz sıra dağlarının ətəklərində, qədim Şəkinin Kiş kəndində yaşayıb yaradan
Vaqif Aslanın şərəfinə respublikamızın ən mötəbər elm məbədi olan AMEA-da
yubileyinin keçirilməsi əsası 1969-cu ildə Ulu Öndər tərəfindən qoyulmuş, Ali
Baş Komandan, Qarabağ Fatehi İlham Əliyev tərəfindən davam etdirilən siyasətin
bariz nümunəsidir. O qeyd etdi ki, V.Aslan şair, tərcüməçi, publisist olmaqla
yanaşı, həm də müəllimdir. Bu tədbirin keçirilməsi onun yaradıcılığına dövlətimizin
diqqət və qayğısının nümunəsidir.
172 nömrəli tam orta məktəbin direktoru Vəfa Bağırova V.Aslanı 75 illik
yubileyi münasibətilə təbrik etdi. Şairin yazdıqlarının gənc nəslə tərbiyəvi əhəmiyyətini,
öyrədici və düşündürücü təsirlərini vurğuladı.
Şair Tural Adışirin çıxışında Vaqif Aslanın onlarla yetirmələrindən biri
olduğunu vurğuladı. V.Aslanın 75 illik yubileyinə həsr olunan kitabda yazısının
olduğunu bildirdi. Çıxışının sonunda Milli Məclisin İctimai birliklər və dini
qurumlar komitəsinin sədri Fazil Mustafanın Vaqif Aslanın yubileyi ilə bağlı
ünvanladığı təbriki oxudu.
Tədbir iştirakçıları türkiyəli şair Hasan Kallimcinin şair Vaqif Aslana tədbirikini
video formatında dinlədilər.
Türkiyəli yazar, ədəbiyyatşünas-alim Süheyla Karaca Hanönü Şəkinin gözəlliyindən
söz açdı və Vaqif Aslanın təbiri ilə Şəkidə şair olmamağın günah olduğunu
vurğuladı. Süheyla Karaca V.Aslanı təbrik etdi, ona daim yazıb yaratmağını
arzuladı.
Türkiyəli yazar, ədəbiyyatşünas-alim Selvigül Şahin çıxışında Vaqif Aslanı təbrik
etdi, qələminin iti olmasını arzuladı. Selvigül Şahin şairə çəkdiyi tablonu təqdim
etdi.
V.Aslanın ailə üzvlərindən Yeganə Aslanova və Abdulqədir Lətifov tədbirin təşkilinə
görə minnətdarlığını bildirdilər. Şairin qələminin heç zaman yorulmamasını,
yeni-yeni əsərlər yazmasını arzuladılar.
Şair Vaqif Aslan tədbirin təşkilatçılarına və iştirakçılara dərin minnətdarlığını
bildirdi, bu əlamətdar gündə göstərilən diqqət və ehtirama görə təşəkkür etdi.
Tədbirin bədii hissəsində respublika və Beynəlxalq müsabiqələr laureatı,
magistr, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu İslam Qasımovun
ifasında sözləri Nəbi Xəzrinin, musiqisi Müslüm Maqomayevin “Azərbaycan”, sözləri
Əhməd Cavadın, musiqisi Emin Sabitoğlunun “Şükriyyə” mahnıları, tanınmış muğam
ustası, xanəndə, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Maya Cəbrayılova
“Çanaqqala Müzəffər”, “Mehriban olaq” mahnılarını və muğamlar ifa etdi. Xan
Şuşinski adına Ağdam rayon Muğam Uşaq Musiqi Məktəbinin şagirdləri Mətin Cəfərov,
Aysu Qululu, Tunar Əzizov muğamlar ifa etdilər. İfaçıları kamançada Xətayə Cəfərova,
tarda Famil Məmmədov, nağarada Sabir Həsənov müşayiət edirdi.
AMEA-nın Folklor İnstitutunun əməkdaşı, respublika və Beynəlxalq müsabiqələr
laureatı, bədii qiraət ustası Həlimət Sultan “Eşq” bədii-musiqili
kompozisiyasını təqdim etdi.
Tanınmış pedaqoq Zenfira Nusalova Vaqif Aslanın “Sən niyə bu qədər gözəlsən
axı?”, bədii qiraət ustası Bəhiyyə Nağıyeva “Səndə şair olmamaq da günahdır”,
“Şəki” şeirlərini səsləndirdilər.
Tədbirdə alimlər, şair və yazıçılar, geniş ictimaiyyət və KİV nümayəndələri,
oxucular iştirak etdilər