2026-cı
ildə “Respublika Xatirə Kitabı”nın 30 illik yubileyi tamam olur. Bununla əlaqədər
“Şəhidlər ölməz, Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində “Respublika
Xatirə Kitabı – 30” adlı iki videoçarx hazırlanıb.
Videoçarxlarda
Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimiz, onların əziz
xatirəsi və Vətən müdafiəsi haqqında söylədikləri dəyərli fikirləri öz əksini
tapıb.
Birinci
videoçarxda “Respublika Xatirə Kitabı” redaksiyasının yaranma və inkişaf tarixi
diqqətə çatdırılır. Bildirilir ki, 1991-ci ildən müstəqil qurum kimi fəaliyyətə
başlayan redaksiyanın işində əsas dönüş müasir Azərbaycan dövlətinin qurucusu,
Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində olmuşdur.
Redaksiya öz fəaliyyətində Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci il 23
dekabr tarixində imzalanmış “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutur. Ümummilli
Liderimizin “Respublika Xatirə Kitabı”na göstərdiyi xüsusi diqqət və qayğı
vurğulanır.
Videoçarxda “Respublika Xatirə Kitabı”nın
yaranma tarixi haqqında qısa məlumat verilir. Qeyd olunur ki, yaranan vaxtdan
“Respublika Xatirə Kitabı” Milli Ensiklopediya nəzdində fəaliyyət göstərib.
2016-cı ildən Mədəniyyət Nazirliyinin
tabeliyinə keçib. Redaksiya İkinci Dünya müharibəsi, lokal hərbi münaqişələr,
44 günlük Vətən müharibəsi, Aprel döyüşləri, Tovuz hadisələri və 23 saat 43 dəqiqə
davam edən antiterror əməliyyatı zamanı şəhid olan, itkin düşən və əsir-girov
götürülən vətəndaşlarımız haqqında dəqiq ensiklopedik məlumatları özündə əks
etdirən 28 cilddən çox kitab nəşr edib.
İkinci videoçarxda
igid şəhidlər, onların şücaəti, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən
şəhid əsgər və zabitlərimizə həsr olunan nəşrlər haqqında məlumat verilir. S özügedən
nəşrlərin respublikamızın müxtəlif şəhər və rayonlarında, o cümlədən Bakı,
Naxçıvan, Şuşa, Gəncə, Mingəçevir, Şirvan, Quba, Sumqayıt, Şamaxı, Biləsuvar və
digər bölgələrdə keçirilən təntənəli təqdimat mərasimlərinin qısa xronikası
verilir.
Yerli icra
hakimiyyəti orqanları, regional mədəniyyət idarələri və digər dövlət qurumları
ilə əməkdaşlıq çərçivəsində təşkil edilən tədbirlərdə şəhid ailələrinə, qazilərə
və ziyalılara təqdim olunan kitabların mənəvi əhəmiyyəti vurğulanır.
“Heydər Əliyev Xatirə kitabının yaradıcısıdır”
kitabı və Vətən müharibəsi qəhrəmanlarına həsr edilən xatirə nəşrlərinin cəmiyyətin,
xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı mühüm rolu önə
çəkilir.
Videoçarxların ideya müəllifi tarixçi-alim, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova, mətnlərin redaktoru “Respublika Xatirə Kitabı”nın baş redaktoru Nəzakət Məmmədovadır. Videoçarxları M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşı Günay Qululu hazırlamışdır.