Yasamal
rayon MKS-inin Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində
dahi Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş
videoçarxlar hazırlandı.
Hər iki
videoçarx Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin görkəmli memarın yaradıcılığı, Azərbaycan mədəniyyətinə verdiyi
misilsiz töhfələr haqqında dediyi dəyərli fikirlərlə başlayır.
Memarın zəngin
irsini tanıtmaq məqsədilə hazırlanan “Əcəmi
Naxçıvani 900” adlı birinci videoçarxda sənətkarın XII əsr Azərbaycan
intibahında tutduğu unikal mövqe, Naxçıvan memarlıq məktəbinin banisi olması və
mürəkkəb riyazi hesablamalara əsaslanan mühəndislik zəkası tarixi faktlarla
işıqlandırılır. Videoçarxda dahi ustadın xatirəsinin əbədiləşdirilməsi istiqamətində
imzalanan son dövlət sərəncamlarına, onun adını daşıyan “Memar Əcəmi”
metrostansiyasına, ucaldılan abidələrə, xatirə medalı və poçt markalarına geniş
yer verilib. Həmçinin memarın irsinin beynəlxalq əhəmiyyəti diqqətə
çatdırılaraq, onun 900 illik yubileyinin YUNESKO çərçivəsində qeyd olunan
yubileylər siyahısına daxil edilməsi xüsusi vurğulanır.
“Şərq
memarlığının dahisi və daşın poetikası” adlı ikinci videoçarxda ustad memar Əcəmi
Naxçıvaninin dünya əhəmiyyətli şah əsərləri olan Möminə Xatun və Yusif ibn
Küseyir türbələri, eləcə də dövrümüzə çatmayan digər unikal tikililəri geniş
işıqlandırılıb. Videoçarxda Möminə Xatun türbəsinin 500 metrə çatan kufi xəttli
epiqrafik yazıları, daxili xonçaları və mühəndislik möcüzəsi sayılan “qızıl
bölgü” prinsipləri, eləcə də Yusif ibn Küseyir türbəsinin mükəmməl
konstruksiyası vizual şəkildə təhlil olunur. Həmçinin videoçarxda Əcəmi sənətinin
beynəlxalq miqyasda öyrənilməsi, dahi türk memarı Memar Sinanın yaradıcılığına
təsiri və abidələrin YUNESKO-nun müvəqqəti siyahısında yer alması kimi tarixi
faktlar diqqətə çatdırılır.
Birinci
videoçarx dahi bəstəkar, Xalq artisti Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”
operasından “Şəbi-hicran” musiqisi, ikinci videoçarx isə Xalq artisti Tofiq
Bakıxanovun “Görüş yerimiz” əsəri ilə müşayiət olunur.