Bakı şəhər Yasamal
rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) MŞ.Vazeh adına Mərkəzi
Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən
“Kitablar səltənətinin inciləri” adlı mütaliə
silsiləsindən tariхi
rоman və hеkayə ustası, dramaturq, publisist, ədəbiyyatşünas, fоlklоrşünas,
tariхçi-еtnоqraf və tərcüməçi Yusif Vəzir Çəmənzəminlinin “Toy” hekayəsi təqdim olunur.
“Bizim məqsədimiz və
amalımız Azərbaycanımızdır”, – deyən Yusif Vəzir Çəmənzəminli 12 sentyabr
1887-ci ildə Şuşada anadan olmuşdur. Böyük romanlar, bir-birindən maraqlı hekayələr
müəllifi olan Y.V.Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında,
onun daxili və xarici siyasətinin formalaşmasında böyük və əhəmiyyətli rol
oynamışdır. “Yeddi hekayə”, “Həyat səhifələri”, “Arvadlarımızın halı”, “Qanlı
göz yaşları”, “Ana və analıq”, “Studentlər” və s. kitablar müəllifi olan Çəmənzəminli
eyni zamanda elmi-nəzəri əsərlər müəllifidir.
“Toy” hekayəsində
dövrün qadın və qızlarının istəyi nəzərə alınmadan yaşlı və çoxuşaqlı əzazil
kişilərə ərə verilməsindən söhbət açılır. Əsərin mərkəzində adından da
göründüyü kimi, ənənəvi bir toy mərasimi dayanır. Hekayədə toy hazırlıqları,
qonaqların rəftarı, adətlərin bəzən kor-koranə icra olunması və bu fon daxilində
yaşanan insan dramı ön plana çəkilir. Lakin Y.V.Çəmənzəminli bu toyu sadəcə bir şənlik
kimi deyil, cəmiyyətin daxili ziddiyyətlərini, insanların xarakterini və dövrün
eybəcərliklərini üzə çıxaran bir güzgü kimi təqdim edir.
Yazıçı Şahzadə
İldırım “Toy” hekayəsindən bir parça səsləndirir və yazıçının əsərlərini
oxumağı tövsiyə edir.