Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS)
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar
həyata keçirilən “Kitablar səltənətinin inciləri”
adlı mütaliə silsiləsində izləyicilərə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, ədəbiyyat tariximizdə iz qoymuş Xalq yazıçısı Süleyman Rəhimovun
“Şamo” romanı təqdim olunur.
Süleyman Rəhimov 1930-cu ildən
ədəbi fəaliyyətə başlamışdır. Ədibin “Şamo” roman-epopeyası, “Saçlı”
çoxcildlik romanı, “Mehman”, “Məhtaban”, “Kəsilməyən kişnərti” povestləri, “Ötən
günlər dəftərindən”, “Pəri çınqılı”, "Gülən balıq" silsilə və
toplularına daxil olan hekayələri Azərbaycan nəsrini yeni çalarlarla zənginləşdirmişdir.
Azərbaycan ədəbiyyatının şah dastanı (epopeyası) olan “Şamo” romanı
Azərbaycan ədəbiyyatı tarixində ən irihəcmli və fundamental əsərlərdən biridir.
Müəllif bu epopeya üzərində demək olar ki, bütün ömrü boyu – 1931-ci ildən
1978-ci ilə qədər işləmiş və əsər bütövlükdə 5 cilddə nəşr olunmuşdur. Romanda
Azərbaycan kəndinin adət-ənənələri, məişəti, insan münasibətləri, folklor
motivləri çox dəqiqliklə və geniş şəkildə təsvir olunub.
Əsərin mərkəzində
dayanan Şamo obrazı sadə, lakin mərd və haqsızlığa dözməyən bir kəndli gəncdir.
Müəllif Şamonun timsalında Azərbaycan kəndlisinin məruz qaldığı ədalətsizlikləri
və onun zamanla necə şüurlu bir inqilabçıya, xalqın hüquqlarını müdafiə edən
bir rəhbərə çevrilməsini göstərir.
Yazıçı Şahzadə İldırım romandan kiçik bir hissə səsləndirərək təqdim edir, izləyicilərə S.Rəhimovun əsərlərini oxumağı tövsiyə edir.