Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS)
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040”
Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar
səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Xalq şairi, Əməkdar
incəsənət xadimi Nəriman Həsənzadənin “Yadına düşəcəyəm” şeirindən bir parça təqdim olunur.
Ömrünü milli mədəniyyətimizin, dilimizin və poeziyamızın tərəqqisinə
həsr etmiş şair, dramaturq və tərcüməçi Nəriman Həsənzadə özünəməxsus
yaradıcılıq üslubu, lirikası və tarixi dramları ilə silinməz iz qoymuş
sənətkarlardandır. Onun yaradıcılığı həm dərin vətənpərvərlik, həm də insan
qəlbinin incəliklərini tərənnüm edən fəlsəfi lirika ilə zəngindir.
Xalq şairi 34 bədii-poetik toplunun, “Tariximiz, taleyimiz” adlı
irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. Şairin yeddi cildlik
“Seçilmiş əsərləri” kütləvi tirajla nəşr olunub. Nəriman Həsənzadənin şeirlərinə
100-dən artıq musiqi bəstələnib. Şairin şeirinə Xalq
artisti, bəstəkar Emin Sabitoğlunun
bəstələdiyi “Sən bağışladın” mahnısının ilk ifaçısı Xalq artisti Zeynəb
Xanlarovadır. Sonralar mahnı bir çox müğənnilərin repertuarının bəzəyi
olmuşdur.
Mənə üfüqləri, geniş səmanı
Göydə buludları, yerdə dumanı,
Dənizdə dalğanı Sən bağışladın
Bu hüsnü mənanı Sən bağışladın.
Onun lirikasında sevgi sadəcə iki gəncin hissləri ilə məhdudlaşmır,
daha geniş və fəlsəfi bir müstəviyə keçir.
Mən səni hər görəndə
Dağ çiçəyi, – deyirdim.
Çiçək görsən harda sən,
Əldə, ya bazarda sən
Yadına düşəcəyəm.
“Yadına
düşəcəyəm” bir ayrılıq şeiri olsa da,
içində böyük bir ümid və mənəvi qələbə var. Nəriman Həsənzadə yaradıcılığında
ayrılıq bir son deyil, xatirələrin köməkliyi ilə sevginin fiziki ayrılığa meydan oxumasıdır.
Yazıçı Şahzadə İldırım kitabsevərlərə Nəriman Həsənzadənin şeir və poemalarını, “Nabat xalanın çörəyi” adlı povestini oxumağı, şairin geniş yaradıcılığı ilə tanış olmağı tövsiyə edir.