Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət
Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin
inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə görkəmli pedoqoq, publisist,
tərcüməçi, Əməkdar mədəniyyət işçisi, Xalq şairi Mirvarid Dilbazinin “Anam
yadıma düşdü” şeiri təqdim olunur.
Azərbaycanın ilk qadın Xalq şairi adına layiq
görülmüş el anası Mirvarid Dilbazi yaradıcılığı xalqa, onun həyatında baş verən
hadisələrə bağlı idi. Ulu Öndər Heydər Əliyev şairin 70 illik yubileyində
demişdir: “Siz 70 ildir ki, xalqımıza, millətimizə, ölkəmizə, Vətənimizə sədaqətlə,
öz fədakar əməyinizlə, parlaq yaradıcılığınızla xidmət edirsiniz. Sizin şeirləriniz,
poemalarınız, bütün əsərləriniz neçə-neçə nəsillərə güc, inam verib və bu gün də
verir, gələcəkdə də verəcəkdir”.
İsti
küləklər əsdi,
Yaz
gəlməyə tələsdi.
Mənim
ürəyim əsdi,
Anam yadıma düşdü...
Bənövşə
dəstə-dəstə,
Qızılgül
yarpaq üstə.
Sular
axır ahəstə,
Anam
yadıma düşdü...
Yazıçı Şahzadə İldırım hazırladığı videoçarxda Xalq şairi Mirvarid Dilbazi haqqında məlumat verir. İzləyicilərə təqdim olunan “Anam yadıma düşdü” şeirində təbiətin gözəl ahəngində ananın xatırlanması, anaya olan böyük sevgi və müqəddəs duyğular tərənnüm olunur. Şeir Azərbaycan poeziyasında ana mövzusunda yazılmış ən təsirli, səmimi və kövrək nümunələrdən biridir. Şair bu əsərdə ana müqəddəsliyini, ona olan sonsuz sevgini və dözülməz ayrılıq həsrətini böyük bir ürək ağrısı ilə qələmə alıb. Müəllif uşaqlıq illərinə, anasının isti nəfəsinə və qayğısına duyduğu ehtiyacı dilə gətirir. Şairin “Anam yadıma düşdü” şeirinə bəstəkar, Xalq artisti Ramiz Mustafayevin bəstələdiyi mahnı Xalq artisti Gülağa Məmmədovun ifasında izləyicilərə təqdim olunur.