Bakı şəhər Yasamal
rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi
Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının
icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin
inciləri” tədbirlər silsiləsi nasir, dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin
“Dağlar arxasında üç dost” romanı ilə davam edir.
XX əsr Azərbaycan ədəbiyyatının
tanınmış simalarından biri İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”,
“Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”,
“Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına
“İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”,
“Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”,
“Mahnı dağlarda qaldı”, və s. daxildir. Ədibin qəhrəmanları mübarizliyi,
yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub.
İlyas Əfəndiyevin 1963-cü
ildə qələmə aldığı “Dağlar arxasında üç dost” romanındakı hadisələrin məzmunu hər
zaman aktual olan məhəbbət və ailə dramından ibarətdir. Əsərin mərkəzində
Şahlar və Səlimənin bir-birinə olan dərin və səmimi məhəbbəti dayanır. Şahlar
dağ rayonuna gələn üç gənc dostdan biridir. Şahlar və Səlimənin sevgisi romanın
ümumi quruculuq, əmək və dostluq mövzusuna xüsusi bir poetik rəng qatır, əsərin
lirik pafosunu daha da gücləndirir. Bu gənclərin sevgisi möhkəm və qırılmaz
olsa da, Şahların anasının bu münasibətə qarşı çıxması ailə dramına səbəb olur.
Yazıçının erməni-müsəlman münaqişəsinə açıqbaxışlı münasibəti, qəhrəmanlarının
bir-birinə möhkəm sevgisi qələmə alınmışdır. İlyas Əfəndiyevin real hadisələrlə
dolu olan bu əsəri onun ən güclü romanlarından biri hesab olunur.
Yazıçı Şahzadə
İldırım “Dağlar arxasında üç dost” romanından bir parça səsləndirərək oxuculara
təqdim edir və oxuculara ədibin əsərlərini oxumağı tövsiyə edir.