Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti
– 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən
“Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsi uğurla davam edir. İzləyicilərə
XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi,
nasir, tərcüməçi Əlibala Hacızadənin “İtkin gəlin” əsərindən bir parça təqdim
olunur.
Əfqanıstana ezam edildiyi
illərdə Əlibala Hacızadənin "Qürbətdə" adlı hekayələr toplusu, “Təyyarə
kölgəsi” romanı, daha sonra isə bu ölkədə cərəyan edən hadisələrdən bəhs edən
“İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü
görüb. Görkəmli ədibin “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə
1993-1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi çəkilib.
Əlibala Hacızadə “İtkin gəlin” romanına qədər
bir çox sevilən əsərlərin müəllifi olub. Ancaq ona ən böyük şöhrəti və oxucu
sevgisini "İtkin gəlin” romanı gətirib. Əsər bu gün də oxucuların böyük
maraqla müraciət etdiyi, sevgini, mənəvi saflığı və insan taleyini bədii
boyalarla əks etdirən bir romandır.
Ölüm bu dünyanın o
üzündədir.
Bu üzü dünyanın
güldür, çiçəkdir.
Ölməzlik məhəbbət
zirvəsindədir,
məhəbbət əbədi ömür
deməkdir.
Əfsanə adlı zəhmətkeş, gözəl əfqan qızının bədbəxt
taleyindən bəhs edən bu romanda hadisələr Aprel inqilabından əvvəlki dövrdən
başlayaraq davam edir. Əfsanə sevdiyi oğlana yox, onun qardaşına ərə verilir.
Bu romanda insanların acınacaqlı həyatı və ictimai problemləri qabarıq formada
qələmə alınmışdır. Əfsanə təkcə əsərin baş qəhrəmanının adı deyil, həm də
romanın əsas süjet xəttini təşkil edən faciəvi taleyin simvoludur.
Yazıçı Şahzadə
İldırım yüz minlərlə oxucu sevgisi qazanıb, dəfələrlə təkrar nəşr olan yazıçı
Əlibala Hacızadənin “İtkin gəlin” romanını oxumağı oxuculara tövsiyə edir. Əməkdar
incəsənət xadimi, bəstəkar, professor, Cavanşir
Quliyevin yazıçının sözlərinə yazdığı “İtkin gəlin” mahnısı Xalq artisti Aygün
Kazımovanın ifasında videoçarxda yer alır.