metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2025-07-28

Gülzar nənənin nağıllar aləmi

Gülzar İbrahimovanın yazdığı nağıl və kitablar uşaqlar üçün həm maraqlı, həm əyləncəli, həm də öyrədici əsərlərdir. Onun nağıllarında uşaqlara düzgünlük, dostluq, əməksevərlik, təbiətə sevgi və yaxşı davranışlar aşılanır. Yazıçı göstərir ki, yalan danışmaq pisdir və həmişə düz danışmaq daha yaxşıdır. Uşaqlar başa düşür ki, düzgün insan olmaq hörmət qazanmağa və etibarlı dost olmağa kömək edir. Nağıllarda dostluğun və bir-birinə kömək etməyin nə qədər vacib olduğu vurğulanır. Qəhrəmanlar birlikdə problemləri həll edir və bir-birinə dəstək olurlar.

Yazıçının əsərlərində təbiətə və heyvanlara sevgi önəmli yer tutur. Yazıçı uşaqlara göstərir ki, təbiəti qorumaq, ətraf mühiti təmiz saxlamaq, heyvanlara yaxşı davranmaq hər bir insanın borcudur. G.İbrahimova bir çox əsərlərində dəfələrlə vurğulayır: “Təbiət bizim evimizdir”. O həm də uşaqlara tənbəllik etməməyi, daim çalışqan və səbirli olmağı öyrədir. Nağıllarda çalışqan qəhrəmanlar çətinlikləri aşır, uğur qazanır və başqalarına nümunə olurlar. Bu, uşaqlara göstərir ki, zəhmət çəkən insan həyatda istədiyinə nail ola bilər.

Gülzar İbrahimova uşaqlara böyüklərə hörmət etməyi, nəzakətli danışmağı və davranmağı, ədəbli olmağı da öyrədir. Onun qəhrəmanları mehriban, səbirli və qaydalara əməl edən uşaqlardır. Onlar həm ailədə, həm də cəmiyyətdə yaxşı nümunə sayılırlar. Bu nağıllarda həmçinin qorxmamaq, cəsarətli və özünə güvənli olmaq kimi dəyərlər də var. Personajlar qarşılaşdıqları çətinliklərdən qorxmur, düşünərək və birlikdə hərəkət edərək onları həll edirlər.

Gülzar İbrahimovanın nağılları balaca oxucuları dərindən düşündürür. Onun kitabları uşaqlara yaxşı insan, dürüst və mərhəmətli olmağı, həyatda rast gəlinən vəziyyətlərə düzgün yanaşmağı öyrədir. Yazıçının əsərləri uşaqların dünyagörüşünü genişləndirir, onlara tərbiyə verir və gələcəkdə düzgün qərarlar verməyə kömək edir.

Uşaqlar Gülzar İbrahimovanı çox sevirlər, onun nağılları, hekayə və şeirləri əldən-ələ gəzir və bu çox uşaqların masaüstü kitabına çevrilmişdir. Kitabxanaya gələn balaca oxucular da G.İbrahimovanın əsərlərini tez-tez soruşurlar. Kitab rəflərində onun kitabları tapılmır.

Oxucular G.İbrahimovanı görmək üçün tez-tez kitabxanaya gəlirlər və ona “Gülzar nənə” deyərək sevgilərini bildirirlər.

Aytən Məmmədova,

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın

multimedia mütəxəssisi