metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2025-08-01

Azərbaycan dilinə həsr olunmuş yeni şeir

Bu gün ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) bu bayramla əlaqədar hər il silsilə tədbirlər keçirilir, kitab sərgiləri təşkil olunur.

Bu böyük bayramla əlaqədar, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair, publisist Zeynəb Cəmaləddin yeni yazdığı “Ana dilim” şeirini oxuculara və izləyicilərə təqdim etdi. Şeirdə qeyd olunur ki, ana dili hər bir xalqın varlığını təsdiq edən amildir, onun milli sərvəti, varlığı və milli kimliyidir. Şair qeyd edir ki, millətin dili və əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biridir. Şeirdə xalqımızın keçdiyi tarixi yola nəzər salınaraq vurğulanır ki, bu yol ana dilimizdə öz əksini tapır. “Ana dilimiz bayatılarımızda, qoşmalarımızda, dastanlarımızda, muğamlarımızdadır”, – deyə şair vurğulayır.

Qloballaşan dünyamızda dilimizin qorunub saxlanması və inkişaf etdirilməsi zəruridir. Dilimiz 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur.

Şair Zeynəb Cəmaləddinin şeiri oxuculara təqdim olunur.


ANA DİLİM

Bal çörəyin yoxdusa, bal dilin olsun gərək,

Dilimdən şirin nə var, doğma dilim bal imiş.

Bu dildə öyrənmişəm, Vətən, Ana, duz-çörək,

Qorqud Dədəm iz qoyan silinməyən yol imiş.


İllər, əsrlər keçib, ürək-ürək yol gəlib,

Hər ürəkdə qaynayıb, hər ürəkdə dincəlib.

Bədən-bədən ayrılıb, ölkə-ölkə yüksəlib,

Ana dilim susmayıb, necə gözəl hal imiş.


Dahilərin dilindən səpildi, inci-inci,

Layla-layla yaddaşa həkk olunan bir inci.

Əmanətdi müqəddəs, əmanətdi birinci,

Öz dilindən vaz keçən özgələrə qul imiş.


Düşmənə tüşlananda, kəsərlidi ox kimi,

Dosta arxa-dayaqdı, dar günündə dağ kimi.

Məhəbbət əfsanəsi, qəlbimin sevda simi,

Həm təsnifdi, həm muğam, həm ahəngi bol imiş.


Hər kəlmə bir udum su, hər kim olsa təşnəli,

Könlümün rübabıdır, gah qəmli, gah nəşəli,

Dilim varsa, mən varam, qəlbimdədir məşəli,

Ürəkləri bir edən bir əbədi tel imiş...


Şeir bədii tərtibatda aşağıdakı keçiddə yerləşdirilib:

https://drive.google.com/file/d/13YLb1gOJT_xK0dX8_rDS5_oHpGGjSU7M/view