metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2025-07-22

Aydın Mirzəzadə: Yunus Oğuz – çoxşaxəli istedad sahibi, dərin intellektualdır

Bu gün tanınmış yazıçı, jurnalist və oxucularımız tərəfindən sevilən kitabların müəllifi Yunus Oğuzun 65 illik yubileyidir.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, millət vəkili Aydın Mirzəzadə dəyərli yazıçı və jurnalist Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik edir.

Millət vəkili Aydın Mirzəzadənin təbrik-məqaləsini oxuculara təqdim edirik.

“Yunus Oğuz ötən əsrin 90-cı illərindən etibarən Azərbaycan ictimai fikrində tanınmağa başlayan görkəmli ziyalılardan biridir. İxtisasca filosof, fəaliyyətinə görə jurnalist, yaradıcılığına baxdıqda isə tarixi romanlar müəllifi olan Yunus Oğuz özünün çoxşaxəli istedada sahib olduğunu təsdiq edən bir şəxsiyyətdir. Mənim Yunus bəylə tanışlığım da həmin dövrlərə – 90-cı illərə təsadüf edir.

O, insan kimi çox maraqlı, ünsiyyətcil və dərin intellektual bir şəxsiyyət təsiri bağışlayır. Onunla istənilən mövzu ətrafında sərbəst və rahat söhbət aparmaq mümkündür. Yunus bəy insanı dinləməyi bacarır, söhbətə məzmun qatır və öz intellektual səviyyəsini də daim nümayiş etdirir.

Bu gün Azərbaycan cəmiyyətində elə bir şəxs tapmaq çətindir ki, Yunus Oğuzu tanımasın. O, Azərbaycan mətbuatına da özünün mühüm töhfələrini verib. Yaratdığı “Olaylar” qəzeti geniş və zəngin mövzuları ilə daim diqqət çəkir. Günün əsas məsələlərinə dair həm redaktor, həm jurnalistlər, həm də müxtəlif ziyalılar bu qəzet vasitəsilə öz mövqelərini ifadə edə bilirlər. Kəskin rəqabət şəraitində fəaliyyət göstərməsinə baxmayaraq, bu gün də “Olaylar” qəzeti və informasiya agentliyi Azərbaycan mətbuatında tanınan və öz sözünü deyən media qurumlarındandır. Bütün bu uğurların arxasında Yunus bəyin əvəzsiz xidmətləri dayanır.

Yunus Oğuzun tarixi mövzularda yazdığı əsərlər bu gün də yüksək qiymətləndirilir. Hesab edirəm ki, gələcək nəsillər tariximizin bəzi səhifələri haqqında məhz Yunus bəyin əsərlərindən daha dolğun təsəvvür əldə edə biləcəklər.

Onun ictimai-siyasi fəaliyyəti də diqqətəlayiqdir. Yunus Oğuz üçün hər zaman Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün təmin olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanması əsas prioritetlər olub. Bu prinsiplər onun siyasi fəaliyyətinin də ana xəttini təşkil edir.

Bu dəyərli ziyalını doğum günü və yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində böyük uğurlar arzulayıram. Əminəm ki, bundan sonra da Yunus Oğuzun həm siyasi, həm ədəbi, həm də jurnalistik fəaliyyətində maraqlı nəticələrə şahid olacağıq”.

Kitabxananın kollektivi, oxucu və izləyiciləri də Milli Məclisin deputatı, Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Aydın Mirzəzadənin təbrikinə qoşulur. Fürsətdən istifadə edərək “Əkinçi” qəzetinin 150 illik yubileyi və 22 iyul Milli Mətbuat Günü münasibəti ilə yazıçı, jurnalist Yunus Oğuzu təbrik edirik.