Füzuli şəhərinin Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə uşaqlarla görüş keçirildi.
“Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin layihəsi çərçivəsində “İşğaldan azad olunmuş Füzuli, Laçın və Xocalıda uşaqlarla görüş”lərin təşkili həyata keçirildi.
Füzuli şəhərinin Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzində QHT layihəsinin rəhbəri, tanınmış uşaq yazıçısı və şairi, AYB-nin Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, H.Zərdabi mükafatçısı, uşaqların sevimli yazıçısı Gülzar İbrahimova uşaqlarla görüş keçirdi.
Görüşlərin keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş bölgələrdə uşaqların tətil zamanı vaxtlarının maraqlı, əyləncəli, səmərəli keçirilməsi, maarifləndirilməsi, zehni bacarıqlarının inkişafı və dünyagörüşünün artırılması, həmçinin həssas bölgələrə köçmüş uşaqların diqqətdən kənarda qalmaması idi.
Görüş Füzuli şəhərində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli rayon Mədəniyyət evinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Füzuli rayon Heydər Əliyev Mərkəzinin və Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutdu.
"Füzulili balalar ilə Gülzar nənənin yay nağılları” adlı tədbir yüksək səviyyədə keçdi. Tədbirin aparıcısı Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Şəhanə Kərimova fizulililər adından qonağı salamladı. Uşaqların sevimli yazıçısı, şairə Gülzar İbrahimovaya maraqlı görüşə görə minnətdarlığını bildirdi.
Tədbirin təşkilatçıları olan Qarabağ Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri üzrə iş sektorunun baş məsləhətçisi, Füzuli rayon üzrə nümayəndə Elşad Cəfərov, Füzuli rayon MKS-nin direktoru Lətifə Xudaverdiyeva da maraqlı görüşə görə Gülzar İbrahimovaya öz təşəkkürlərini bildirdilər.
Tədbirdə Füzuli rayon Mədəniyyət evinin dərnək üzvləri, MKS- nin Uşaq şöbəsinin fəal oxucuları və Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin uşaqları maraqlı şeir kompazisiyaları, mahnı, rəqs nömrələri ilə çıxış etdilər. “Qarabağ Fidanları” rəqs qrupu Gülzar İbrahimovanın “Gizlənpaç” mahnısına gözəl rəqs etdilər.
"Birlik" uşaq xoru Gülzar İbrahimovanın sözlərinə Elşən Nicatın bəstələdiyi “Ana dilim” və “Sağ ol, ey Vətən” mahnısını ifa etdilər.
“Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi kollektivinin birgə hazırladığı “Qədim Azərbaycan” krossvordunu böyük sinif şagirdləri maraqla qarşıladı. Krossvord müsabiqəsində iştirak edən qaliblərə hədiyyə və diplomlar təqdim olundu.
“Ciyələkli gizlənpaç” oyununda iştirak edən kiçikyaşlı bağça uşaqları gizlənmiş uşaqları taparaq qalib ola bildilər. Onların yaşına uyğun hazırlanmış diplomlar çox maraqlı və sevindirici oldu.
Sonda tədbirdə çıxış edən və eləcədə iştirak edən bütün uşaqlara Kiçik Dünya Uşaqların Maarifləndirməsinə Kömək İctimai Birliyinin hazırladığı kitablar və xüsüsi hədiyyələr təqdim olundu.