metbuatxeberleri@gmail.com

Paylaşım tarixi: 2025-09-04

Uşaq yazıçısı, AYB-nin və AJB-nin üzvü, H.B.Zərdabi mükafatçısı, AYB-nin Prezident təqaüdçüsü Gülzar İbrahimova oxucularla görüşdü


Görüşlər Azərbaycan xalqının

Ümummilli Lideri Heydər Əliyevin

102-ci ildönümü və

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar keçirilib


GƏNCƏ-DAŞKƏSƏN REGİONAL MƏDƏNİYYƏT İDARƏSİ ÜZRƏ

2025-ci il 20-23 may tarixlərində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan Gəncə şəhəri, Samux və Göygöl rayon MKS-lərinin oxucularla görüşlər təşkil olundu.

20 may tarixində Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Goranboy rayon Mədəniyyət Mərkəzində görüş keçirildi.

Görüşdə şagirdlər, valideynlər, fəal oxucular, kitabxana əməkdaşları iştirak etdilər.

Mədəniyyət Mərkəzinin foyesində Uşaq şöbəsinin təşkil etdiyi kitablarımdan ibarət “Uşaq yazıçısı Gülzar İbrahimovanın yaradıcılığı” sərgisinə baxış keçirildi.

Gülzar İbrahimovaya həsr olunmuş videoçarx nümayiş olundu.

Məktəblilər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Nəsillərə örnək şəxsiyyət” adlı inşa və rəsm müsabiqələrinə yekun vuruldu. Qaliblərə diplom və hədiyyələr təqdim edildi. Gülzar İbrahimovanın yaradıcılığına aid sual-cavab təşkil olundu.

Məktəblilərin ifasında Gülzar İbrahimovanın müəllifi olduğu “Ulu Öndər”, “Azərbaycan dilimdir”, “Sülh nəğməsi” şeirləri, “Gülzar nənə nağıl danış”, İncəsənət Məktəbinin xorunun ifasında “Sağ ol, ey Vətən”, kiçik-yaşlı uşaqların ifasında “Bağçamız”, “Gizlənpaç” mahnıları səsləndirildi. “Şirin qarpız” nağılı səhnələşdirildi.

Görüşdə Gülzar İbrahimovanın “Ağır cəza” kitabının təqdimatı da keçirildi.

Aparıcının ifasında “Ağlamaq yaraşmır Azərbaycana!” şeiri səsləndirildi.

21 may tarixində Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Samux rayon Heydər Əliyev Mərkəzində görüş keçirildi.

Görüşdə Samux rayon 1 №-li məktəb-liseyin, 2 №-li, Qarayeri qəsəbə, Burunqovaq, Sarıqaya, Qiyaslı, Hacıalılı, Qovlarsarı, Qarabağlar, Sərkar, Ziyadlı kənd tam orta məktəblərin müəllim və şagirdləri, Samux rayon 6 №-li Körpələr Evi-Uşaq Bağçasının körpə fidanları, valideynlər, şəhər və kənd kitabxana filiallarının fəal oxucuları, kitabxana əməkdaşları iştirak etdilər.

22 may tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində görüş keçirildi.

Görüşdə Gəncə şəhər M.Əzizbəyov adına 15 №-li, N.Nərimanov adına 25 №-li, 26 №-li Fizika-Riyaziyyat və İnformatika Təmayüllü məktəblər, Gəncə şəhər 4 -li Uşaq Evi və “Happy-Kids” Uşaq Tədris İnkişaf Mərkəzinin müəllim və şagirdləri, kitabxana əməkdaşları və valideynlər iştirak etdilər.

Tədbirdə “Uşaq ədəbiyyatının gur çeşməsi – Gülzar İbrahimova” adlı videoçarx nümayiş olundu. Məktəblilərin ifasında müəllifin bayraq, Vətən, ana, sülh və s. mövzularında şeirləri səsləndi. “Mən Zəfərlə qayıtdım” pyesindən səhnə, “Anamın portreti” mənsur şeirindən kompozisiya, “Ayı və dovşan” nağılından səhnəcik tədbiri rəngarəng etdilər. Yazıçı uşaqlara yeni şeirlərini söylədi və onların verdiyi sualları cavablandırdı.

23 may tarixində Göygöl rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Göygöl rayon Heydər Əliyev Mərkəzində görüş təşkil olundu.

Görüşdə şagirdlər, valideynlər, fəal oxucular, mədəniyyət işçiləri iştirak etdilər. Heydər Əliyev Mərkəzinin girişində yazıçının kitablarından ibarət sərgiyə baxış keçirildi.

Tədbiri Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini müavini Kəmalə İbrahimova açaraq qonaqları salamladı. Sonra Göygöl rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İntizar Əliyeva ürək sözlərini söylədi.

Gülzar İbrahimovanın həyat və yaradıcılığına həsr olunmuş videoçarx tədbir iştirakçılarına təqdim edildi.

Tədbirdə Göygöl rayon Aşıq Şəmşir adına və Xaqani kənd Uşaq Musiqi Məktəblərinin şagirdləri yazıçının sözlərinə bəstələnmiş mahnılar oxudular, şəhər 4 №-li tam orta məktəbin, TTT liseyin, Yeni Qızılca kənd orta məktəbin şagirdləri yazıçının təqdim etdiyi krossvordları işlədilər, şeirlər söylədilər və səhnəcik göstərdilər. 4 №-li tam orta məktəbin şagirdləri Gülzar İbrahimovanın nağıllarına həsr olunmuş çəkdikləri rəsm albomunu yazıçıya təqdim etdilər.

QARABAĞ REGİONAL MƏDƏNİYYƏT İDARƏSİ ÜZRƏ

2025-ci il 13-17 iyul tarixlərində Füzuli, Laçın və Xocalıda yaşayan uşaqlarla görüşlər keçirildi.

Görüşlərin keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş bölgələrdə uşaqların yay tətili zamanı vaxtlarının maraqlı, əyləncəli, səmərəli keçirilməsi, onların maarifləndirilməsi, zehni və dünya görüşünün artırılması, həmçinin bu rayonlarda köçmüş uşaqların diqqətdən kənarda qalmaması olub.

Hər üç rayonda tədbirlər yüksək səviyyədə təşkil olunmuşdu.

Füzuli və Xocalı rayonları üzrə təşkilati işləri Qarabağ Regional Mədəniyyət İdarəsi dəstək oldu. İyulun 14-də Füzuli rayon Heydər Əliyev Mərkəzində görüş keçirildi.

Tədbir iştirakçıları Füzuli rayon Heydər Əliyev Mərkəzinin, rayon Mədəniyyət Evinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin fəalları idi.

“Füzulili balalar ilə Gülzar nənənin yay nağılları” adlı tədbir uşaqların sevincinə səbəb oldu.

Tədbirin aparıcısı Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Şəhanə Kərimova idi. O, füzulililər adından qonağı salamladı, ona vətənpərvər, gözəl əsərlərinə görə minnətdarlıq etdi.

“Qarabağ fidanları” rəqs qurupu Gülzar İbrahimovanın “Gizlənpaç” mahnısının sədaları altında gözəl rəqs etdilər. “Birlik” uşaq xoru Gülzar İbrahimovanın sözlərinə Elşən Nicatın bəstələdiyi “Ana dilim” və “Sağ ol, ey Vətən” mahnısını ifa etdilər. Şagirdlər keçirilən müsabiqələrdə fəallıq göstərdilər.

Laçın rayonunda keçirilən görüşün təşkilati işlərini Laçın rayonunun Bərpa, Tikinti və İdarəetmə Xidməti öhdəsinə götürdü. Tədbir yüksək səviyyədə təşkil olundu. Yay tətili olmasına baxmayaraq, görüşə 100-dən çox uşaq, o qədər də valideyn və müəllim toplaşmışdı.

Məktəb kollektivinin tədbirə böyük səylə hazırlaşmışdı.

Görüşdə 2 №-li, Ə.Məmmədov adına Zabux və Sus kənd tam orta məktəblərinin müəllim və şagirdləri də iştirak etdi.

Tədbiri 2 №-li məktəbin Uşaq Birliyinin rəhbəri Ülviyyə Cəfərova açaraq, məktəblərin rəhbərliyini və görüşdə iştirak edən şagirdləri salamladı.

2 №-li məktəbin təşkilatçı müavini Rüxsarə Nəsibzadə yazıçı haqqında qısa məlumat verdi. O bildirdi ki, yay günü uşaqlara nağıl kitabları hədiyyə etmək, gözəl hadisədir.

Yazıçı Gülzar İbrahimova uşaqlara yeni əsərlərindən danışdı. Yenicə hazırladığı “Yusif və cücələr”, “Balaca bir qız dünyanı necə dəyişdirdi”, “Sincab acgöz Canavarı necə aldatdı” cizgi filmləri haqqında danışdı. Sonra “Yay gəldi”, “Günəş və Ayın söhbəti”, “Cırcırama laylası”, “Gizlənpaç”, “Nağıllar” şeirlərini oxudu.

Xocalılı uşaqlarla uşaq yazıçısı Gülzar İbrahimovanın görüşü Xocalı rayon Mədəniyyət Evində keçirildi.

Təşkilatçılıq işlərini Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirildi.

Tədbirdə Xocalı Mədəniyyət Evinin işçiləri, qəsəbə klubunun və kitabxananın əməkdaşları, valideynlər, müəllimlər, 4 №-li Xocalı, Ağcakənd tam orta məktəblərinin şagirdləri və 1 №-li Uşaq Bağçasının fidanları iştirak etdilər.


Tədbirin əvvəlində qəsəbə klubunun müdiri Zahid Məsimov bildirdi ki, belə görüşlərin keçirilməsi vacibdir, çünki balalarımızın maarifləndirilməsi əsas vəzifələrimizdən biridir.

Tədbirin aparıcıları Diliş Şahverdiyeva və Fidan Şahverdiyeva yazıçı Gülzar İbrahimovanın həyat və yaradıcılığı haqqında məlumat verərək, yazıçının yaradıcılıq yolu ilə tədbir iştirakçılarını tanış etdilər.

1 №-li Uşaq Bağçasının uşaqları Gülzar İbrahimovanın sözlərinə yazılmış “Gizlənpaç” mahnısına qurduqları kompozisiyanı nümayiş etdirdilər. Şagirdlərdən Aylin Quluzadə müəllifin sözlərinə yazılmış “Dünya, sən çox gözəlsən”, Ayan Məmmədova isə “Ana dilim” mahnılarını ifa etdilər. Yazıçı onlara “Kiçik Dünya Uşaqların Maarifləndirilməsinə Kömək” İctimai Birliyinin diplomlarını və kitablarını hədiyyə etdi.

Uşaqları ən çox maraqlandıran öyrədici, əyləncəli müsabiqələr və krossvord həlli təşkil olundu. Yuxarı sinif şagirdləri “Qədim Azərbaycan” və “Vətənimizin gözəllikləri” krossvordunun qalibləri oldular. Onlar “Qızıl açar” Diplomuna layiq görüldülər və hədiyyələr aldılar. Kiçikyaşlı oxucular isə “Gizlənpaç” oyununda gizlənən uşaqları tez taparaq hədiyyə qazandılar.

Yazıçı görüş iştirakçılarına yaradıcılığındakı yeniliklərdən söz açdı. Yazıçının YouTube “Sehrli dünya” nağıllar kanalının 97 min abunəçisi olduğu haqqında sevincini oxucuları ilə bölüşdü.

Görüşdə Gülzar İbrahimovanın şeirləri və onun şeirlərinə bəstələnmiş mahnılar səsləndirildi, nağıllarından səhnəciklər göstərildi.

Tədbirlərin sonunda yazıçı bütün iştirakçılara, məktəb kitabxanalarına, rayonların Mərkəzi Kitabxanalarına kitablarını və hədiyyələr təqdim etdi.