Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsi “English Akademy” Beynəlxalq Dil Mərkəzində birgə əməkdaşlıq çərçivəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar tədbir keçirdilər.
Abonement bölməsinin müdiri Lalə Səlimova “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı haqqında məlumat verdi.
Sərəncamın şəhərlərin müasir şəkildə inkişafı, yeni memarlıq layihələrinin təşviqi, tarixi irsin qorunması və bərpası məqsədi daşıdığını və həm də Azərbaycanın dünyada şəhərsalma sahəsində nümunə kimi təqdim olunmasına xidmət etdiyini bildirdi.
“English Akademy” Beynəlxalq Dil Mərkəzinin rəhbəri Maya Cəfərova Qarabağda və Şərqi Zəngəzurda olan yeni tikililər haqqında, Yeni Şuşa məscidi, Hadrut məscidi, paytaxtda yeni memarlıq layihələri olan “Ağ şəhər” (Baku White City), “Qarabağ atları” abidə kompleksi, “Zaman” meydanı və bölgələrdə olan böyük dəyişikliklər, məsələn Həsənrizdə salınan yeni park, yaşıllıq zonalarının artırılması haqqında danışdı.
Kitabxananın fəal oxucuları və “English Akademy” Beynəlxalq Dil Mərkəzinin şagirdləri müasir incəsənətin inkişafına xidmət edən və gənc istedadların üzə çıxmasında mühüm rol oynayan “Yarat” müasir incəsənət muzeyinə və Azərbaycan tarixini, mədəniyyətini daş üzərində əks etdirən nadir abidələri ilə keçmişimizi bu günə daşıyan “Daş salnaməsi” muzeyinə ekskursiya etdilər.